Temue Bakayoko

Temue Bakayoko (17 avqust 1994, Paris) — Çelsi klubundan icarə əsasında İtaliya A Seriyası təmsilçilərindən olan Milan klubunda və Fransa milli futbol komandasında müdafiəyə meylli yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Əsasən dayaq yarımmüdafiəçisi kimi oynasa da, hərtərəfli qabiliyyəti sayəsində müxtəlif mövqelərdə də çıxış edə bilər. Fransa millisinin baş məşqçisi Didye Deşam onu "tam yarımmüdafiəçi" kimi xarakterizə etmişdir. Gənc futbolçu kimi sınmış ayağından əziyyət çəkəndən sonra Bakayoko 13 yaşında Renn akademiyasına qoşulmuşdur. O, peşəkar karyerasına Renn klubunda start vermişdir. Bu klubda 24 oyunda iştirak etdikdən sonra 2014-cü ildə £7 milyon qarşılığında Monako klubuna transfer olmuşdur. Bakayoko Monakonun yeganə oyun qurucusu olaraq 2016–17 mövsümündə klubun Liqa 1-də çempion olmağına böyük köməklik etmiş və 2016–17 UEFA Çempionlar Liqası mövsümünün komandasına daxil edilmişdir. Bakayoko milli komanda ilə debütünü 28 mart 2017-ci ildə İspaniya millisinə qarşı oyunda etmişdir. O, ikinci hissədə Adrian Rabyonu əvəz etmişdir.


Developed by StudentB